ALLAH ONA TƏSLİM OLANLARI QARANLIQLARDAN NURA ÇIXARIR

Ağıl və vicdan sahibi səmimi bir insan vaxt itirmədən həyatını Allah’ın əmr etdiyi əxlaqı, yəni Quran əxlaqını yaşayacaq şəkildə qurmalıdır.
 
Sonsuz rəhmət sahibi uca Rəbbimiz Ona təslim olanlara qurtuluş yollarını göstərəcəyini Quranda belə müjdələyir:

Allah Öz lütfünə sığınanları onunla (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 16)

Müsəlmanlar Allah’ın varlığını və böyüklüyünü dərk edən, Ondan "qorxub-çəkinən" və həyatlarını dərk etdikləri bu böyük həqiqətə görə yaşayan insanlardır. Din əxlaqından uzaq yaşayan insanlar isə ya Allah’ı inkar edir (Allah’ı tənzih edirik), ya da Allah’ın varlığını bilmələrinə baxmayaraq, Allah’dan "haqqı ilə" qorxub-çəkinmirlər. Belə insanların böyük əksəriyyəti həyatlarını, onları yaradan uca Allah’ın varlığını və yaradılış məqsədlərini düşünmədən keçirir, həyatlarının kim tərəfindən, necə və niyə başladıldığına etinasızlıq göstərirlər. Quranda belə bir həyatın boş və mənasız bir təmələ söykəndiyini və bədbəxtliklə nəticələnəcəyini Rəbbimiz bu hikmətli bənzətmə ilə bildirmişdir:

Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 109)

Halbuki, mömin hər şeyi haqqı ilə bilən uca Allah’ın varlığını və gücünü qavrayır. Allah’ın onu nə üçün yaratdığını və ondan nələr istədiyini bilir. Buna görə də, dünyadakı əsl məqsədi Allah’ın razı olacağı bir qul olmaq üçün çalışmaqdır. Bu məqsəd üçün hər yolu sınayır, bütün həyatı boyu bunun üçün ciddi bir səy göstərir.

MÖMİNLƏR BÜTÜN HƏYATLARINI QURAN ƏXLAQINA UYĞUN YAŞAYIRLAR

Allah qullarına yol göstərici və istiqamətləndirici olaraq endirdiyi Quranda insanın əsl yaradılış məqsədini bildirmişdir. Bu məqsəd, insanın özünü yaradan və yaşadan Rəbbimizə qulluq etməsidir. Uca Allah bu məqsədi Quranda "…insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım." (Zariyat surəsi, 56) ayəsi ilə bildirmişdir.

Bəzi insanlar axirətin varlığını qəbul etdikləri halda qəribə bir laqeydlik içindədirlər. Həyatlarının əsl məqsədini unudaraq, özlərinə tam fərqli mövzular tapır, tam fərqli məqsədlərlə yaşayırlar. Dünyaya istiqamətlənmiş əhəmiyyətsiz bir mövzu üçün aylarla, illərlə çalışır, amma Allah’a qarşı olan məsuliyyətlərini ağıllarına belə gətirmək istəmirlər. Halbuki yer üzündə bu həqiqətlərdən tamamilə xəbərsiz olduğunu söyləyə biləcək tək bir insan belə yoxdur.

Allah insanlara, "biz bunlardan xəbərsizdik" kimi bəhanələr deyə bilməmələri üçün hz. Adəmdən indiyə qədər hər dövrdə Özünü tanıdan, onlara Özünə necə qulluq edəcəklərini öyrədən kitablar endirmiş, xəbərdarlıq edən elçilər göndərmişdir. Bu həqiqət bir ayədə belə bildirilir:

(Biz) müjdə verən və qorxudan elçilər (göndərdik) ki, insanların elçilərdən sonra Allah’a qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir. (Nisa surəsi, 165)

Əvvəlki sətirlərdə də ifadə olunduğu kimi, Allah’dan haqqı ilə qorxub çəkinmədikləri üçün iman gətirdiklərini söylədikləri halda, qəflət içində olan və inandıqları həqiqətləri həyatlarında tətbiq etməyərək yaşayan bəzi insanlar var. Bu şəxslərin ümumiyyətlə, din əxlaqından uzaq, Quran hökmlərinə uyğun olmayan rəftar və düşüncələr içərisində olduqlarını görürük.

Qəflət içindəki bu insanlar qiyamətin qopacağından, cənnət və cəhənnəmin varlığından da əmindirlər. Ancaq bu vəziyyət onlarda "vaxt var ikən hərəkətə keçib bir an əvvəl həyatlarını Allah üçün yaşamaq" düşüncəsini oyandırmır, sanki o gün heç gəlməyəcəkmiş, ya da çox uzaqmış kimi günlərini keçirirlər və yenə ayədə buyurulduğu kimi, " ...qarşılarındakı Ağır Günə (Axirət gününə)..." (İnsan surəsi, 27) üz çevirirlər.
 
Allah bir Quran ayəsində insanların özlərini aldadıb həqiqətlərə gözlərini bağlayaraq qapıldıqları qəflət halını belə xəbər vermişdir:

İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində (imandan) üz çevirirlər. (Ənbiya surəsi, 1)

Allah’ın sonsuz qüdrətini dərk etmək isə yalnız bir Yaradıcının var olduğunu təsdiq etmək demək deyil. Bu həqiqət, Quranda hikmətli bir nümunə ilə xəbər verilmişdir. Ayədə xəbər verildiyi kimi, özünə sual verilən insan, Allah’ın varlığını təsdiq edərək Onun isimlərini qəbul etməsinə baxmayaraq, "Allah’dan qorxub-çəkinmə" xüsusiyyətindən məhrum olmağı və din əxlaqından üz çevirməyi seçmişdir. Quranda verilən bu nümunə təkcə Allah’ın varlığını təsdiq etməyin kifayət etmədiyi, eyni zamanda Rəbbimizdən qorxub-çəkinməyin vacib olduğu belə xəbər verilmişdir:

De: “Sizə göydən və yer­­dən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs (belə olduğu halda) (Allah’dan) qorxmursunuz?” O sizin Haqq Rəbbiniz olan Allah’dır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də (haqdan) döndərilirsiniz! (Yunus surəsi, 31-32)

Quranda da bildirildiyi kimi Allah’ın böyüklüyünü qavramaq bunu sözlə təsdiq etməkdən ibarət deyil. Müsəlmanları digər insanlardan ayıran əsas fərq onların Allah’ın sonsuz qüdrətinin şüurunda olan, Ondan "qorxub-çəkinən" və bunun nəticəsində həyatlarını dərk etdikləri bu vacib həqiqətə görə yaşayan insanlar olmalarıdır.

ÖZÜNÜ ALDATMA TƏHLÜKƏSİ

İnsanların qəflət halı içində olarkən həqiqətləri göz ardı etmək və bunu edərkən də özlərini ovundurmaq üçün istifadə etdikləri bəzi müdafiə mexanizmləri var. Bunlardan biri və bəlkə də ən təsirlisi insanın "öz-özünü aldatması"dır.

Özünü aldadan insan başda ölüm olmaqla bütün həqiqətlərdən və məsuliyyətlərdən qaça biləcəyini zənn edir. Halbuki, özünü aldatmaq, insanın qurtuluşu üçün bir çarə deyil. Əksinə dünyada mövcudluğunun əsl məqsədinə etinasızlıq, insanı sonu cəhənnəmlə bitəcək çıxılmaz bir yola aparır.

Səmimi olaraq Allah’a iman gətirən bir şəxs isə Allah’a hörmət dolu qorxu və çox böyük sevgi duyur. "Əgər Allah’ın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz..." (Nəhl surəsi, 18) ayəsində bildirildiyi kimi insana sayıb qurtara bilməyəcəyi qədər çox nemət verən Rəbbimizə davamlı şükür edir və Onu razı salacaq bir həyat yaşamağı özünə tək məqsəd hesab edir. "Mənim ürəyim təmizdir, Allah məni bağışlayar", "bütün bunları bilirəm və şükr edirəm, daha nə edə bilərəm ki?" şəklindəki düşüncələrlə özünü aldatmır.

Allah, əlbəttə, sonsuz mərhəmət sahibi və bağışlayandır. Ancaq Allah’ın bu mərhəmətinə qəlbən iman gətirərək layiq olmaq lazımdır. Ona görə insan bu həqiqətləri göz ardı edərək özünü aldatmağı bir kənara qoymalı, bir an əvvəl tövbə edib hərəkətə keçməli və Allah’ın özünə dünyada verdiyi möhləti ən yaxşı şəkildə qiymətləndirməlidir.

 ALLAH RİZASINI SEÇƏNLƏRİ QARŞILAYAN MÜJDƏ: DİN ƏXLAQINI YAŞAMAĞIN ASANLIĞI VƏ GÖZƏL HƏYAT

Qəflət halından xilas olub Allah’ın razılığını qazanmaq üçün yaşamağa qərar verən birinin görəcəyi ilk şey "din əxlaqını yaşamağın asanlığı" olacaq. İslam dini Allah’ın insanlar üçün yaradılışlarına ən uyğun olaraq seçdiyi dindir. Allah, bildirdiyi din əxlaqını insanların yaşaya bilməsi üçün çox asan etmişdir.

Din əxlaqı insanların üzərindəki bütün narahatlığı, insanlara çətinlik gətirən ağırlıqları aradan qaldırır. İnsanın yalnız sonsuz mərhəmətli, şəfqətli, bağışlayıcı, saleh qulları üçün hər şeyi xeyirlə yaradan, bütün gücün sahibi olan Allah’ın özü üçün təyin etdiyi qədərə təslim olmasını, hər şeydə yalnız Onun razılığını axtararaq Ona yönəlməsini buyurur. Allah Quranda din əxlaqının asan olduğunu, bu əxlaqa tabe olanların işlərini asanlaşdıracağını belə bildirmişdir:

"… O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı..." (Həcc surəsi, 78)

"Gözəl bir həyat" anlayışı insanlara çox vaxt yad və uzaq səslənir. İnsanların böyük əksəriyyəti heç bir çətinlik, kədər, qorxu, narahatlıq duymayacaqları bir həyatı qeyri-mümkün, xəyal olaraq qəbul edirlər. Möminlər üçün çox yaxın və asan olan bu həyat din əxlaqından uzaq yaşayan insanlar üçün qeyri-mümkün xəyaldır.

İnsan indiyə qədər Quran əxlaqını yaşamaqda zəiflik göstərmiş, bu üstün əxlaqdan uzaq olmuş və bir çox səhv etmiş ola bilər. Ya da din əxlaqını yaşamaq mövzusunda yanlış məlumatlarla istiqamətləndirilmiş ola bilər. Amma bu üstün əxlaqı yaşamağa qərar verdikdən sonra əsas olan insanın səmimi olaraq Allah’a tövbə edib axirəti üçün ən xeyirlisini istəməsi, özünə Quran əxlaqını rəhbər etməsi və asan olana yönəlməsidir. Bu qərarı verdikdən sonra Allah’ın iznilə, o ana qədər adət etdiyindən çox fərqli və "gözəl həyat"a qovuşacağı isə əsl həqiqətdir. (Nəhl surəsi, 97)

NƏTİCƏ

Quranda, insanın sahib olduğu hər imkan və nemətə görə məsuliyyət daşıdığı "Sonra o gün, nemətdən sorğuya çəkiləcəksiniz." (Təkasür surəsi, 8) ayəsi ilə xəbər verilmişdir. İnsanın öldüyü zaman Qurandan sorğuya çəkiləcəyi "Və şübhəsiz o (Quran), sənin və qövmün üçün həqiqətən bir zikrdir. Siz (ondan) hesaba çəkiləcəksiniz." (Zuxruf surəsi, 44) ayəsi ilə bildirilir.

Quran ayələrində də bildirildiyi kimi, insan özünü aldatmamalı, açıq şüur və diqqətlə qulluq vəzifəsini yerinə yetirməlidir. Bu da, insanın hər an vicdanının səsini dinləməsi və Quran əxlaqını yaşaması ilə mümkündür. Səmimi olaraq iman gətirən bir insan üçün başqa bir yol yoxdur.

İnsanın dünyada yaşadığı müddət boyu hər keçən saniyə ölümə və hesab gününə bir az da yaxınlaşdığını, etdiyi hər davranışdan, ağılından keçən hər düşüncədən Allah’ın xəbərdar olduğunu və bunlara görə hesab verəcəyini düşünməsi onun üçün ən gözəl yoldur.

Bir anlıq düşünüb qərar aldıqdan sonra insan bütün həyatı boyu bu qərarın gətirdiyi şüur açıqlığı ilə yaşaya bilər. Bunun üçün insan özünə hər hansı bir vasitə ilə çatmış olan Quran əxlaqı ilə bağlı məlumatlara etinasızlıq etməməli, bunları əhəmiyyətsiz və ya qocaldıqda maraqlanacağı mövzular olaraq düşünməməlidir. İnsanın nə vaxt öləcəyi müəyyən deyil. Bəlkə də bu yazı ölümlə qarşılaşmadan əvvəlki son xəbərdarlıq olacaq. Hələ vaxt var ikən bu vacib həqiqəti qavramaq ən doğru davranış olacaq. Məhz bütün bu həqiqətləri dərk edən hər ağıllı insan dərhal hərəkətə keçməli, həyatını bu həqiqətlərə görə yaşamalı və bir anlıq qərarın gətirəcəyi sonsuz xoşbəxtliyi, yəni Rəbbimizin razılığını ümid etməlidir. Unudulmamalıdır ki, Quran asan olana yönəldən bir rəhbərdir:

Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. (Onu Allah’dan) qorxanlar üçün ancaq nəsihət kimi (göndərdik). (Taha surəsi, 2-3)

Hüzurlu və xoşbəxt bir həyatı yalnız Allah’ın razılığını, cənnətini və rəhmətini özlərinə hədəf edən, Allah’dan qorxub çəkinən möminlər yaşaya bilərlər. Bu, Allah’ın qullarına müjdələdiyi həqiqətdir:

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)