ALLAH RİZASI ÜÇÜN EDİLƏN ƏMƏLLƏR “SALEH ƏMƏLLƏR” DİR

Saleh sözü “doğru, gözəl, xeyirli” mənalarını verir. Əməl sözünün Azərbaycan dilində  ən yaxın qarşılığı isə "iş"dir. Buna görə də saleh əməl yaxşı və xeyirli iş mənasını verir ki, bu da Quranda Allah’ın razılığına uyğun hər cür davranış və hərəkəti ifadə edir.

Quranan əsasən Müsəlman yalnız iman gətirməməli, həm də o imanın tələb etdiyi saleh əməllər etməlidir. Saleh əməl, Allah üçün davamlı olaraq xeyirli iş görən səmimi möminin səmimi imanının göstəricisidir. Bir əməli saleh edən şey onun nəticəsi deyil,  ardındakı niyyətdir. Buna görə də bir əməlin saleh olması, yalnız Allah rizası güdülərək edilmiş olmasına bağlıdır. Bu həqiqət "saleh əməl" anlayışını cahiliyyə cəmiyyətindəki "xeyriyyəçilik" anlayışından ayırır. Şübhəsiz ki, Allah hər cür qüsur və əskiklikdən uzaqdır, heç bir şeyə ehtiyacı olmayandır. Buna görə də, Allah’ın edilən saleh əməllərə ehtiyacı yoxdur. Saleh əməl, ancaq Müsəlmanın axirəti üçün vacib ibadətdir.

İnsanı doğru yola aparacaq və ona axirətdə böyük nemətlər qazandıracaq  şey, iman gətirməsi ilə birlikdə o imana uyğun saleh əməllər etməsidir. Çünki saleh əməl insanın yalnız Allah rizasını güddüyünün, səmimi iman gətirdiyinin göstəricisidir. Allah Quranda belə buyurur:

İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.  (Ənkəbut surəsi, 2-3)

Saleh əməl insanın Allah rizasını qazanmaq üçün dünyada göstərdiyi səydir. İslamın təbliğ edilməsi, Quran əxlaqının yaşanması, Quranın yaxşı başa düşülməsi üçün səy göstərilməsi, Müsəlmanların hər cür ictimai və şəxsi problemlərinin həlli kimi mövzuların hamısı; namaz, oruc, zəkat, həcc kimi ibadətlərlə birlikdə saleh əməllərdir. Edilən hər saleh əməl Müsəlmanların səbrini, dayanıqlılığını, sədaqətini, qısacası, imandakı güclərini ortaya çıxarır.


Ancaq diqqət edilməli çox vacib məqam var: Bir əməli saleh edən şey, yalnız onun nəticəsi deyil, ardındakı "niyyət"dir. Buna görə də, bir əməlin saleh olması, yalnız Allah rizası güdülərək edilmiş olmasına bağlıdır. İnsan əgər bu məqsəddən uzaqlaşırsa, başqa insanların razılığını axtarmaq üçün səy göstərirsə, bunun Qurandakı tərifi "şirk"dir və şirk böyük günahdır.

Beləliklə, Allah rizası üçün yaşayan mömin üçün vacib olan saleh bir işin nəticələnib nəticələnməməsi deyil. Məsələn, bir insan Allah rizası üçün bir mövzuda uzun müddət çalışa bilər, amma nəticə gözlədiyi kimi olmaya bilər. Burada vacib olan işin Allah rizası üçün edilmiş olmasıdır. Ayədəki "... Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. " (Bəqərə surəsi, 216) hökmünə görə  istənilən nəticənin həqiqətən xeyirli olub olmadığını bilən ancaq Allahdır.

İnsanın Allah  üçün saleh əməllər etməsi onun Allah’a olan yaxınlığını və axirətdəki dərəcəsini artırır. İnsanın imanı bu əməllə birlikdə möhkəmlənir. Allah bir ayəsində belə buyurur:

"... Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir...." (Fatır surəsi, 10)

Saleh əməllər edən səmimi qulların axirətdə alacaqları qarşılıq isə Quranda belə xəbər verilmişdir:

İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü (ağacları) altından çaylar axan Cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə (dünyada) bizə verilən ruzidir!”– deyəcəklər. Halbuki, onlara (dünyadakının) oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 25)

Əgər "saleh əməl" olaraq edilən işlər Allah rizasından uzaqlaşırsa o zaman saleh əməl olma xüsusiyyətlərini itirirlər. Bu hal əksinə, insanın başqa insanların razılığını axtarmaq mənasını verir ki, bunun Qurandakı adı "şirk"dir və şirk böyük günahdır. Buna görə də, saleh əməl edərkən niyyətin davamlı olaraq təmiz tutulması, yəni edilən işin yalnız Allah rizası üçün edildiyinin şüurunda olmaq çox vacibdir. Bu məqsədlə də, Allahla mənəvi bir bağlılıq içində olmaq, bir iş edərkən yalnız Onun razılığını düşünmək, Onu təsbeh etmək və işin qəbul olunması üçün Allah’a dua etmək vacibdir.

MÖMİNLƏR BOŞ ŞEYLƏRDƏN ÜZ ÇEVİRƏRLƏR

Möminlər boş və mənasız danışıqlara etibar etmədikləri kimi, axirətləri üçün bir fayda verməyəcək hətta onlara zərər verəcək boş işlərlə də vaxt itirməzlər. Möminlərin bu xüsusiyyəti ayədə belə bildirilir:

O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər. (Müminun surəsi, 3)

Allah’ın razılığı olmayan hər iş Quranda ifadə edilən bu boş şeylərin əhatəsinə daxildir. İnsan Quranda əmr edilən çox vacib bir ibadəti belə Allah’ın razılığı üçün yox, vərdiş etdiyi üçün, o anda asan göründüyü üçün, əsas olan lakin nəfsinə ağır gələn başqa bir işdən qaçmaq üçün və ya hamı etdiyinə görə etsə etdiyi iş boşa gedə bilər.

Möminlərin Quranda təyin olunmuş və gündəlik həyatlarında  fərz olaraq etməli olduqları müxtəlif ibadətləri var. Bunlardan başqa mömin zamanını İslama ən faydalı olacağı, Allah’ın razılığını ən çox qazanacağı işlərlə keçirməli, bu işlərdə özünü ən yüksək keyfiyyətli ola biləcəyi şəkildə inkişaf etdirməlidir.

Görülən işlərdəki əsas və cəldlik sırası da çox vacibdir. Müəyyən zamanlarda görülməsi lazım olan işləri başqa zamanda görməyə cəhd etmək əmək və zaman itkisinə yol aça bilər. Çünki o anda görülməsi çox daha zəruri və əsas işlər ola bilər. Bütün bunlara görə mömin cahiliyyənin həyatı boyunca özünü verdiyi boş işlərlə maraqlanmamaqla kifayətlənməməli, etdiyi saleh əməllərə nəfsinin qarışmamasına, hər vaxt Allah rizasının daha çox olduğu bir işi daha az olanın əvəzinə seçməyə diqqət göstərməlidir.