ALLAH RİZASININ ƏN ÇOXUNU AXTARMAQ

Mömin şirkdən, Allah’dan başqa xəyali ilahlardan mədət ummaqdan, onların razılığını axtarmaqdan arınıb təmizlənmişdir. O yalnız Allah’a qulluq edir, Allah’ın razılığını axtarır. Bunu "Allah yolunda ciddi bir səy" göstərərək edir.

Allah yolunda "ciddi səy" göstərməyin açarı isə Allah rizasının ən çoxunu axtarmaqdır. Mömin qarşısında doğru olan bir neçə seçim birdən olduğunda, özünə Allah’ın razılığını ən çox qazandıracaq seçimi etməlidir.

Allahın rizasının ən çoxunu axtarmaq qısaca belə bildirilir:

-Mömin bütün həyatını Allah’ın bildirdiyi "halallar çərçivəsi" daxilində yaşamalıdır. Haramlar Quranda açıq şəkildə bildirilmişdir və olduqca azdır. Bu müəyyən haramlardan başqa bütün hərəkət və davranışlar halal dairəsi çərçivəsindədir.

Bunlarla yanaşı, möminə düşən Allah’ın halal buyurduğu sərhədlər daxilində öz ağıl və "bəsirət"ini istifadə edərək Allah’ın razılığının ən çoxunu axtarmağa yönəlməkdir.

Buna "infaq" (Allah yolunda xərcləmə) mövzusu gözəl nümunə ola bilər. Mömin "malını və canını" Allah’a təslim etmişdir. Əlindəki imkanları Onun razılığına uyğun şəkildə qiymətləndirməlidir. Amma bunu edərkən qarşısına müxtəlif alternatiflər çıxa bilər. Məsələn, əlində xeyli miqdarda pul olduğunu düşünək. Bununla özünə yeni bir paltar ala bilər. Bu məqbul və çox doğru hərəkətdir. Geyiminə fikir verməsi, təmiz və gözəl bir görünüşdə olması Allah’ın razılığına uyğundur. Lakin bu pulu istifadə edə biləcəyi və Allah’ın razılığını daha da çox qazanmağa səbəb ola biləcək başqa bir yol ola bilər. Məsələn, bu pulu özündən daha çox ehtiyacı olan bir kasıba verməklə, ya da bu pulu dinin mənfəətləri üçün çox vacib bir işə qoymaqla Allah’ın razılığı daha çox qazana bilər. Bu, içində olduğu mühitə və şərtlərə görə insanın öz vicdanı əsasında müəyyən edə biləcəyi bir haldır.

Başqa nümunə də verə bilərik: Mömin "yaxşılığı əmr edib, pislikdən çəkindirməklə", Allah’ın dinini təbliğ etməklə, yer üzündəki zülmə qarşı fikri mübarizə aparmaqla məsuldur. Allah’ın razılığını, bu böyük məsuliyyəti yerinə yetirməklə qazana bilər. Bu məsuliyyət hər dövr üçün bəzi əsas xidmətlər ortaya çıxarır. Belə böyük bir məsuliyyətin doğurduğu çox iş varkən, Allah’ın doğu saydığı bir başqa işi daha vacib hesab etmək yanlış olar.

Məsələn, kişi ailəsinə baxmaqla məsuldur. Onların təhlükəsizliyini, dolanışığını təmin etmək vəzifəsi ona verilmişdir. Amma bunu bəhanə edərək yuxarıda bəhs etdiyimiz məsuliyyəti üzərinə götürməməsi, əlbəttə ki, möminə yaraşan bir davranış olmayacaq.

Əslində, bir az düşündüyümüzdə dəyəri az olan seçimi etməkdə "nəfs"in qabarıq olduğunu görərik. Allah qatında dəyəri az olan şeyi çox olana seçmək, insanın nəfsinə də bir "pay" ayırmasından qaynaqlanır. Halbuki, nəfsinə ən kiçik pay belə ayırmadan tam olaraq Allah’ın razılığını güdmək lazımdır. Bir işdə doxsan doqquz faiz Allah’ın razılığı, bir faiz də nəfsinin istəkləri varsa, o doxsan doqquz fazi də Allah qatında qəbul edilməyə bilər. Çünki bu, insan nəfsini Allah’a şirk qoşmaq deməkdir. Şirkin isə bir faizi belə həmin əməli etibarsız etmək üçün kifayət edə bilər. Bir işdə Allah’la yanaşı başqa bir varlığa pay ayıranların vəziyyəti belə bir nümunə ilə təsvir edilir:

Onlar Allah üçün Onun yaratdığı əkindən və mal-qaradan pay ayırıb öz (batil) iddialarına əsasən: “Bu, Allah üçündür, bu da şərik qoşduqlarımız (bütlər) üçündür”– deyirlər. Şərikləri üçün ayırdıqları (pay) Allah’a çatmır, Allah üçün ayırdıqları (pay) isə şəriklərinə çatır. Onların verdikləri hökm necə də pisdir! (Ənam surəsi, 136)

Öz evi, ailəsi təhlükədə olan zaman onları müdafiə edən bir insan, Qurana hücum və böhtan atıldığında yerində oturub əhəmiyyət vermədən başqa işlərə başı qarışırsa, burada Allah rizasının olduğundan danışmaq mümkün deyil. Belə bir davranış insanın nəfsinin göstərdiyi şəkildə davrandığını, nəfsinə tabe olduğunu göstərir ki, bu İslamın təməli olan "yalnız Allah’a qulluq etmək" prinsipinə tamamilə zidddir. Belə ki,  Quranda nəfsin arzularına görə hərəkətin Allah’a şirk qoşmaq olduğu da bildirilir:

Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən?  (Furqan surəsi, 43)

Mömin isə bütün varlığını, malını, canını, həyatını qısacası hər şeyini Allah’a həsr etmişdir. Allah’a iman gətirən insanların bu üstün xüsusiyyəti Quranda belə xəbər verilir:

De: “Şübhəsiz ki, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah’a məxsusdur! (Ənam surəsi, 162)

Hər dövrdə Müsəlmanlar fərqli hadisələrlə imtahan edilə bilərlər. Məsələn, indiki dövrdə Müsəlmanlar dini və yaradılışı inkar edənlərə, cəmiyyət içində əxlaqsızlığın yayılması üçün çalışanlara qarşı fikri mübarizə aparmalıdırlar. Möminlər hər zaman məsuliyyətini daşıdıqları bu mübarizə üçün nəyin "ən xeyirli" olduğunu təsbit edib, onu tətbiq etməklə məsuldurlar. Çünki belə bir məsuliyyəti bildiyi halda, sırf nəfsi üçün təcili olmayan işlərlə məşğul olmaq, Allah’ın razılığından üz çevirmək mənasını verir.

Möminin vicdanı onsuz da belə bir şeyi qəbul etməz. O Allah’ın seçib iman verdiyi bir insandır, yer üzündə sülh və hüzur mühitinin olması, Allah’ın dininin yaşanması ona əmanət edilmişdir. Zalımların əzib zülm etdiyi və "...Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!..." (Nisa surəsi, 75) deyən kişilər, qadınlar və uşaqlar uğrunda mübarizə aparmaqla məsuldur.

Allah’ın razılığının ən çoxu yalnız fikri mübarizə mövzusu üçün deyil. Mömin həyatı boyunca etdiyi bütün ibadətlərdə, gündəlik həyatında qarşısına çıxan böyük-kiçik bütün hadisələrdə bunu yadında saxlamaq məcburiyyətindədir.


Bunu da xatırlatmaq lazımdır ki, əslində "Allah rizasının ən çoxu" ifadəsini mövzunu açıqlamaq üçün istifadə edirik. Allah rizasının ən çoxundan üz çevirib, ikinci dərəcəli  bir işlə maraqlanmaq Allah’ın razılığına zidddir. Onsuz da Allah’ın razılığının ancaq ən çoxu Allah’ın razı olduğudur. Allah’ın daha az razı olması deyə bir şey yoxdur.

Allah’ın razılığının ən çoxunu axtarmayıb, azıyla kifayətlənmək, əslində insanın axirətlə bağlı qəti imana sahib olmamasından qaynaqlanır. Özünü "qəti olaraq cənnətlik" saymasından irəli gəlir. Halbuki, heç bir insan özünü "qəti olaraq  cənnətlik"  görəcək vəziyyətdə deyil. Quranda Allah peyğəmbərə "Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar." (Şura surəsi, 24) xəbərdarlığını etmişdir.

Quranda təsvir edilən mömin özünü əsla "qəti  olaraq cənnətlik" görməz, belə bir düşüncəyə qapılmaz. Mömin xüsusiyyəti, Allah’a "qorxu və ümidlə" (Əraf surəsi, 56) dua etməkdir.

Həqiqi iman sahibi olmayan kəslər isə Allah’dan qorxmadıqları və yaxşı işlər gördüklərini zənn etdikləri üçün özlərini "qəti olaraq cənnətlik"  görürlər.

Allah’ın rəhmətini, "necə olsa bağışlanacağıq" kimi yalnış bir məntiqdən istifadə edirlər. Bu Allah’dan gərəyi kimi qorxub çəkinməyənlərin düşüncəsidir. Allah bu insanların vəziyyətini bir ayədə belə bildirmişdir:

Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!”– deyirdilər. Onlara buna bənzər mənfəətlər (yenə də) gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar (Kitabda) olanları (oxuyub) öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız? (Əraf surəsi, 169)

Bir də dünyada özlərinə geniş imkanlar verilməsinə aldanaraq, Allah’ın özlərini sevdiyi nəticəsini çıxaranlar və buna əsaslanaraq, varlığına çox inanmasalar da, cənnətlə müjdələnəcəklərini zənn edənlər var. Həmin şəxslərə Quranda verilən nümunə belədir:

Onlara iki kişinin (əhvalatını) misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Onun (başqa) sərvəti də var idi. O öz (mömin) yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!”– dedi. O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin dərgahına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!" (Kəhf surəsi, 32-36)

Mömin isə "iman gətirdikdən sonra doğru yoldan çıxmaq"dan qorxar. Quranda xəbər verilən möminlərin bu mövzuyla əlaqədar duası belədir:

Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.  (Ali-İmran surəsi, 8)

Ancaq bunu da bildirmək lazımdır ki, bu qorxu mömin üçün bir ümidsizlik ya da narahatlıq yaradacaq qorxu deyil. Əsl qorxulu olan Allah’ın razılığına zidd yaşayaraq qəlbinin "qatılaşması"dır.

Mömin keçici və qısa bir yurd olan dünyada Allah’ın razılığını qazanmağı hədəfləyir. Tək düşüncəsi qarşı-qarşıya olduğu böyük hadisədir: əmindir ki, bir gün öləcək və Allah’ın hüzurunda hesab verəcək. Bu hesab onu əbədi əzaba ya da qurtuluşa aparacaq. Belə böyük bir hadisə ilə qarşı-qarşıya olduğu halda, başqa hesablar arxasında qaçmaq ya da diqqətsiz davranmaq isə əlbəttə mümkün deyil.

Mömin qurtuluşu üçün "ən çoxunu" axtarmaqla məsuldur. Allah rizasının ən çoxunu axtarmamaq, qarşı-qarşıya olunan təhlükənin də fərqində olmamaq deməkdir.

"Dünyəvi" təhlükələrdə göstərəcəyimiz davranışa bir neçə nümunə, Allah rizasının ən çoxunu axtarmağın necə olacağının daha yaxşı başa düşülməsinə köməkçi olacaq:

-Böyük bir sellə qarşı-qarşıya qaldığımızda və suların böyük sürətlə yüksəldiyini gördüyümüz zaman xilas olmaq üçün on mərtəbəli mənzilin ən üst mərtəbəsinə çıxarıq, yoxsa beşinci mərtəbədə dayanıb "hərhalda bu qədər mərtəbə bəs edər" deyərik?

-Mənzilin ən üst mərtəbəsinə müəyyən məbləğ qarşılığında liftin çıxdığını və liftin bir daha aşağı enməyəcəyini fərz edək. Cibimizdə də ən üst mərtəbəyə çıxacaq qədər pul var. Bu halda ən üst mərtəbəyə çıxmaq üçün cibimizdəki bütün pulu verərik, yoxsa selin çatma təhlükəsi olan başqa bir mərtəbəyə çıxmaqla kifayətlənərik?

-Seldən xilas olmaq üçün sığındığımız mənzilin beşinci mərtəbəsində bir əyləncə təşkil edilmiş olduğunu düşünək. Belə bir vəziyyətdə əyləncəyə qatılıb beşinci mərtəbənin yüksəkliyi ilə kifayətlənərik, yoxsa gözümüz heç bir şeyi görmədən ən üst mərtəbəyə çıxarıq?

-Bir yaxınımızın infarkt keçirdiyini və ya başqa bir səbəblə xəstəxanaya çatdırılması lazım olduğunu düşünək. Bu vəziyyətdə xəstəxanaya çatmaq üçün avtomobili ən yüksək sürətlə sürərik, yoxsa "bu qədəri kifayətdir, bir az daha səbr etsin" deyərik?

Verdiyimiz nümunələrdən məlum olduğu kimi, insan bir təhlükəylə qarşı-qarşıya olduğunda ayıq-sayıq davranıb əlindəki bütün imkanları təhlükədən xilas olmaq üçün səfərbər edə bilir. Cəhənnəm isə insan üçün ən böyük təhlükədir. Əlbəttə ki, Allah rizasının ən çoxunun axtarmaq  bu təhlükədən uzaq olma istəyində vacib rol oynayır.

İndi məhşər günü hər kəsin mütləq ətrafında toplanacağı bildirilən cəhənnəmin kənarında olduğunuzu, cəhənnəmi bütün dəhşəti ilə gördüyümüzü düşünək... Belə bir vəziyyətdə bəzi alternativlərlə qarşılaşsaq, heç tərəddüd etmədən Allah’ın razılığının ən çoxunu seçmərik?

Cəhənnəmin yanına gətirildikdən sonra belə bir seçim şansı qalmayacağına, yalnız edilənlərin hesabı veriləcəyinə görə, indidən eyni məntiqlə hərəkət etməyimiz lazımdır. Necə ki, mömin hər an axirətə gedəcəkmiş kimi cəhənnəmin yaxınlığını düşünərək hərəkət edər. Çünki, axirətdəki peşmançılığın fayda verməyəcəyi Quranda dəfələrlə bildirilmişdir. Bununla əlaqədar ayələrdən biri belədir:

Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi (buradan) çıxart ki, (əvvəllər) etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. (Onlara deyiləcək:) “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın (əzabı!) Zalımlara kömək edən olmaz”.  (Fatir surəsi, 37)

Digər tərəfdən insan təhlükədən uzaqlaşmaq üçün bu qədər çalışdığı kimi, neməti əldə etmək üçün də səy göstərməlidir. Cənnətin azına razı olmaq da ağıllı davranış deyil. Qızılla dolu olan bir adadan gəmi ilə ayrılarkən, götürə biləcəyinizin hamısını götürmək istəməzsiniz? Mömin də axirətə getdiyində "kaş ki bunu da etsəydim", "bu əcri (savabı) da qazansaydım" deyəcək vəziyyətdə olmamalıdır. Bunun üçün dünyada olarkən bütün imkanlarından istifadə edərək, Allah rizasının ən çoxunu seçməlidir.

İnkar edənlər, "az bir mənfəətdən" dən (Al-İmran surəsi, 197) başqa bir şey olmayan dünyanı əldə etmək üçün əllərindən gələnin "ən çoxunu" edərlər. Sonu kədərlə bitəcək olan bu "az bir mənfəət"in yanında möminlər üçün Allah’ın razılığı, rəhməti və cənnəti var. Buna görə mömin əlindən gələnin "ən çoxunu" etməlidir.

ALLAH RİZASININ AÇARI : VİCDAN

Mömin həyatının hər mərhələsində qarşısındakı alternativlər içərisindən Allah rizasının ən çoxunu seçməlidir. Allah rizasının ən çoxunun hansı seçimdə olduğunu təsbit etmək üçün böyük meyar isə vicdanıdır.

Möminləri digər insanlardan ayıran fərqlərin ən vaciblərindən biri möminlərin vicdanlarına, inkarçıların isə nəfslərinin əmr etdiyi pisliklərə tabe olmalarıdır. Bu səbəbdən möminin təbii halı vicdanı ilə düşündüyü halıdır.

Amma bu, nəfsin möminin üzərində təsiri olmadığı mənasını vermir. Hz. Yusufun (ə.s) dediyi kimi "nəfs (adama) pis işləri əmr edər " (Yusuf surəsi, 53) və möminə də Allah’ın razılığına uyğun olmayan alternativləri əmr edir.

Mömin nəfsin bu oyunlarından vicdanı ilə xilas olar. Möminin seçim anında ilk düşünüb yönəldiyi şey Allah’ın razılığının ən çoxudur. Bunun ardından nəfs işə qarışıb digər alternativləri (bəhanələri) bəzəkli göstərməyə çalışacaq. Mömin bu bəhanələri nəzərə almadan vicdanının ona göstərdiyi ilk və qəti doğru olanı yerinə yetirməlidir.