ALLAHIN RAZILIĞINI GÜDMƏYƏNLƏRİN İÇİNDƏ OLDUĞU QƏFLƏT HALI

Uca Rəbbimiz Quranda mömin qulları üçün sonsuz axirət həyatında sonsuz nemətlərlə dolu qüsursuz həyat vəd etmişdir. Şübhəsiz ki, bu bütün inanan insanlar üçün çox böyük bir lütf, nemət və Allah’ın rəhmətidir. Möminlər Allah’ın bu lütfünə qarşı böyük həsrət və sevinc içindədirlər. Ancaq bundan da ən əhəmiyyətlisi iman gərirənlərin dünyada və axirətdəki əsl hədəfləri Rəbbimizin sevgisini və razılığını  qazana bilmələridir. Quranda Allah’ın razılığını qazanmağın möminlərə vəd edilən nemətlərin ən böyüyü olduğu belə bildirilmişdir: 

"Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allah’ın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur" (Tövbə surəsi, 72) 

Cənnət içində nəfsin arzu etdiyi hər cür nemətin olduğu qüsursuz bir məkandır. Quran əxlaqını yaşayan bir insanın içində yaşamağı böyük ehtirasla istədiyi, qovuşmaq üçün səy göstərdiyi sonsuz gözəlliklər yurdudur. Ancaq ayədə də bildirildiyi kimi, bir mömin üçün sonsuz güc sahibi Rəbbimizin razılığını qazanmaq hər şeydən üstündür. Bu məqsədə çatmaq üçün bir Müsəlman özünü hər an daha gözəl əxlaqa sahib olmaq üçün hazırlayar. Qurana uyğun şəkildə insani keyfiyyətlərini daha güclü və mükəmməl bir hala gətirmək üçün hər gün daha da cəhd edər. Buna görə də səmimi bir Müsəlman özünü heç bir mövzuda kafi görməz. Şəxsiyyətini, vərdişlərini, davranış formasını dəyişdirməkdən və yaxud inkişaf etdirməkdən ölənə qədər bir an belə imtina etməz. Hər an daha yaxşı, daha gözəl bir şeyə sahib olmağı, Allah’ın özündən razı olacağını ümid etdiyi daha yetkin xarakterə sahib olmağı arzulayar. Özünə dünyanı deyil, cənnət əxlaqını ölçü götürərək özünü inkişaf etdirər və sonsuz həyatını, Allah’ın cənnətə layiq gördüyü peyğəmbərlər kimi üstün əxlaqlı insanlarla bir yerdə keçirməyi ümid edərək hazırlıq görər. 

Allah’a və axirətə inancı zəif olan cahil bir insanın idealları isə dünya ilə məhdudlaşır. Olduqca fani olan dünya mənfəətlərini əldə etmək üçün həyatı boyu əmək sərf edər. Bu əməyin nəticəsində Allah’ın razılığını qazanıb qazana bilməyəcəyini heç düşünmədən, əldə edəcəyi qazancın dünyəvi istəklərini qarşılamasını kafi görə bilər. Dünyada əldə etdiyi qazancın axirətdə özünə necə bir qarşılıq olaraq geri dönəcəyini ağlına belə gətirməyə bilər. Halbuki, dünyada insanın nəfsinə xoş gələn bir qazanc, axirətdə onun sonsuza qədər bədbəxt olmasına səbəb olacaq bir itkiyə çevrilə bilər. 

Axirətdə Allah’ın səmimi qullarına verəcəyi sonsuz nemətləri düşünmədən dünyanın keçici mənfəətlərinə bağlanan və bunlarla xoşbəxt olacağını düşünən bir insan həqiqətlərə qarşı sanki kor kimidir. Çünki Allah, "… Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı, axirətlə müqayisədə keçici bir zövqdür.” (Rəd surəsi, 26) ayəsi ilə dünyada qazanılanların ötəri olduğunu bildirir. Başqa bir ayədə isə Allah bu şəxsləri, "Onlar axirəti verib dünya həyatını satın aldılar …" (Bəqərə surəsi, 86) sözləri ilə bildirir. Ayədəki "axirəti verib dünya həyatını satın alanlar" ifadəsi həmin insanların ideallarının nə qədər məhdud olduğunun başa düşülməsi baxımından olduqca əhəmiyyətlidir. Çünki bu şəxslər Allah’ın səmimi qulları üçün hazırlamış olduğu sonsuz cənnət nemətlərinə əhəmiyyət vermədən olduqca qısa olan dünyadakı nemətlərlə kifayətlənməyi seçirlər. Bu seçim onları dünyada və axirətdə bədbəxtliyə sürükləyir, məhdud ideallarla birlikdə ötəri və məqsədsiz həyat  yaşadır. 

Halbuki, ölüm hər an yaxınlaşan və heç kimin qaça bilməyəcəyi bir həqiqətdir. Bunu bilə-bilə bir insanın, axirəti unutması və hədəflərini yalnız öz kiçik dünyası ilə məhdudlaşdırması böyük qəflətdir. 

İnsan dünyəvi məqsədlərini təyin edərkən bir gün bir yerdə üz-üzə gələcəyi ölüm gerçəyini ağlından çıxarmamalıdır. Çünki o an gəldiyində dünya ilə əlaqədar bütün planlarının, məqsədinə çevirdiyi və bu məqsədə çatmaq üçün sərf etdiyi əməyinin bir faydası olmayacaq. Hər bir şeyi geridə buraxaraq axirət həyatına başlayacaq. Allah ölüm vaxtı gəldiyində insanın tək başına və dünyada sahib olduğu hər şeyi geridə buraxaraq Öz hüzuruna gələcəyini belə bildirir: 

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. (Ənam surəsi, 94)

Buna görə də ən ağıllı və doğru addım insanın yaşadığı müddət boyunca Müsəlman kimi düşünməsi və dünyadakı məqsədlərini da Müsəlman olaraq təyin etməsidir. Bir insanı dünyada və axirətdə xoşbəxt edəcək yeganə qurtuluş yolu budur.