AXİRƏTDƏKİ SONSUZ ZƏNGİNLİYİ SEÇMƏK

Əsl zənginlik Allah’a iman gətirən və dünyanın müvəqqəti bər-bəzəklərinə lazım olduğundan çox əhəmiyyət verməyən, hər şeyin yalnız Allah’dan gəldiyini bilən möminlərə aiddir. Təxminən 50-60 illik dünya həyatının əvəzinə, Allah’ın sonsuza qədər davam edəcəyini bildirdiyi axirət həyatını seçən bu insanlar əsl zənginlərdir. Mömin dünya həyatı qarşılığında axirəti satın aldığı üçün ən qazanclı alveri etmiş, keçici deyil, sonsuz var-dövləti seçmişdir.

İnsanların çoxu elə zənn edir ki, əgər onlar çox çalışsalar və istədikləri hər şeyə nail olsalar, həyatları mükəmməl və özlərini həqiqətən qane edən qədər əksiksiz ola bilər. Bunun da kifayət qədər maddi imkanların əldə edilməsi ilə təmin edilə biləcəyini düşünürlər. Beləcə xoşbəxt bir ailəyə daha rahat qovuşacaq, insanların gözündə etibar qazanacaq, hüzur içində həyatlarını davam etdirəcəklər. Halbuki, bütün ömürlərini yalnız bunları əldə etmək və itirməmək üçün sərf edən insanlar əslində böyük bir səhvə yol verirlər. Çünki həyatlarını yalnız dünyadakı hüzurlarını və rahatlıqlarını düşünərək keçirib, gerçək və sonsuz həyatın axirət olduğunu tamamilə unudurlar. Ən əsas vəzifələri Allah’a qulluq etmək olduğu halda, dünyaya aldanıb sahib olduqları bütün var-dövləti özlərinə verən və onları yaradan Allah’a şükr etmələri lazım olduğu halda, Allah’ı unutmuş və insanların razılığını qazanmaq üçün çalışıb çabalamışlar.

DÜNYANI AXİRƏTDƏN ÜSTÜN TUTANLAR

Keçmişdə kralların, hökmdarların, fironların bir çoxu əldə etdikləri var-dövlətin onları ölümsüz edəcəyini zənn etmiş, hətta mallarının bir qismini də özləri ilə birlikdə məzara dəfn etmişlər. Var-dövlətdən daha üstün bir dəyər ola biləcəyinə heç ehtimal verməmişlər. Bunları görən digər insanlar da doğru yolun bu olduğunu düşünmüş və bu insanları üstün hesab etmişlər. Halbuki, dünyada zövq və səfa içində yaşayan kimi görünən bu insanların sonu heç də ümid etdikləri kimi olmamışdır.

Ancaq bu insanlar çox önəmli bir şeyə laqeyd yanaşıblar. Bütün var-dövlət və "dəyər" verilən hər şey yalnız Allah’a aiddir. Mülkün əsl sahibi olan Allah istədiyi insana istədiyi miqdarda mülkündən pay verir. Verdiklərinin qarşılığında insanların Özünə şükr etməsini və lazımi kimi qulluq etməsini istəyir. Allah’ın var-dövlət verdiyi birinin mülkünü yenə Allah’dan başqa heç kim azalda bilməz və əlindəkiləri aldığı insana da heç kim heç bir kömək edə bilməz. Bunların hamısı Allah’ın dünyada yaratdığı imtahan mühitinin bir hissəsidir. Ağlı və şüuru açıq olan mömin bunu bilir. Özünü yaradan Allah’ı və Ona hesab verəcəyini unudan insan isə bundan tamamilə qafildir.

DÜNYADAKI VAR-DÖVLƏT VƏ ETİBAR HƏQİQƏTƏN VACİBDİR?

Bir çox insan dünyada əksiksiz bir həyat quraraq, çox mükəmməl yaşayacağını zənn edir. Hesab edir ki, xəyal etdiyi zənginliyə sahib olduqdan sonra xoşbəxt olacaq, istədiyi etibarı qazanacaq, bu vəziyyət həyatının sonuna qədər də belə davam edəcək. Halbuki, Allah’ı və axirəti unudan bir insanın heç vaxt tam istədiyi, xəyalını qurduğu kimi bir həyatı ola bilməz. Çünki istədiyi ilk şeyə qovuşduqda daha da yaxşısını və çoxunu istədiyini anlayar. Pulu olar, kifayətlənməz, daha çoxunu qazanmaq üçün çalışar. Evi olar, bəyənməz, daha çox xoşuna gələn bir ev görüb onu almaq üçün səy göstərməyə başlayar. Hər il dəyişən zövqlərinə görə evinin içini də, öz paltarlarını da bəyənməz, davamlı olaraq daha gözəl mebellərin və geyimlərin xəyalını qurar.

Şüurlu bir insan bunu düşünməlidir: ən çox evi olan, ən bahalı avtomobilləri alan, ən çox paltarı olan, qısaca, ən varlı adamın da yaşayacağı ev, istifadə edəcəyi avtomobil, yeyəcəyi yemək, yatacağı çarpayı, geyəcəyi paltar məhduddur. Dünyanın ən böyük sarayında yaşayan bir insan eyni anda neçə otaqda birdən otura bilər və ya ən gözəl paltarlara sahib insan bir dəfədə bu paltarların neçəsini üst-üstə geyə bilər? Bu insanların həyatlarına baxdıqda görürük ki, onlarla otaqdan ibarət olan villalara sahib olsalar belə, eyni anda bütün otaqları istifadə edə bilməyəcəkləri üçün evlərinin ən çox bir otağında otura bilirlər. Şkaflarla dolu olan paltarları olsa da, eyni anda yalnız bir paltarı geyə bilirlər. Allah’ın yaratdığı minlərlə növ yeməyə sahib olasalar belə, ən çox 2-3 qab yemək yeyə bilirlər; daha çoxunu yeməyə çalışsalar bu, onlar üçün işgəncə halına çevrilər…

BÜTÜN VAR-DÖVLƏTİN SAHİBİ ALLAH’DIR

Allah’ın bütün var-dövlətin sahibi olduğunu, dünyadakı malın və etibarın yenə orada qalacağını bilən insanlar heç vaxt dünyəvi ehtirasların ardınca qaçmırlar. Bu insanlar sahib olduqları  var-dövlətə görə qürrələnmirlər, Rəbbimizi unutmurlar, verilən bütün nemətlərə şükr edərək çalışırlar, özlərinə verilənlə kifayətlənirlər. Allah dünyadakı nemətlərə ehtirasla bağlanmayan bu insanlara onsuz da şərəfli və rahat bir həyat vəd etmişdir. Allah’ı haqqı ilə təqdir edən və Ona güvənən bu insanlar dünyanın keçiciliyinin, mal və mövqenin dünyada ancaq qısa bir fayda və mənfəət verdiyinin, axirətdəki sonsuz həyatın yanında da çox az bir dəyəri olduğunun şüurundadırlar. Belə düşünən bir insan mal sahibi olsa da, bunu haqsızlıq etmək və insanları əzmək üçün istifadə etmir. Var-dövlət onu dünyaya bağlamır, əksinə Allah’a olan yaxınlığını və şükrünü artırır. Heç kimin haqqını yemir, Allah’ın ona verdikləri ilə hər zaman yaxşı işlər görməyə çalışır. Etibarın və əsl tərifin Allah qatında olduğunu bilir. Buna görə dünyada var-dövlət arxasınca qaçmaqdansa özünü axirətdə əsl var-dövlətə qovuşduracaq gözəl əxlaqa yönəlir və onu yaşayır. Bu mövzuda bizim üçün ən gözəl nümunə hz. Süleymanın rəftarıdır. Çox böyük var-dövlətə və mülkə sahib olan hz. Süleyman bu zənginliyi nə məqsədlə istədiyini "Həqiqətən mən, mal sevgisini Rəbbimi zikr etməkdən ötəri seçdim" (Sad surəsi, 32) sözləri ilə açıq-aydın ifadə etmişdir.

Belə bir qavrayışa sahib olmayan insanlar isə dünyada qazandıqlarının bir mənası olmadığını, özlərinə əslində bütün bunların az bir mənfəət qazandırdığını, ən əsası da bu mənfəəti ən çox 60-70 il istifadə edə bildiklərini düşünmürlər. Sahib olduqları mallarını, uşaqlarını, evlərini, avtomobillərini, bütün sərvətlərini bir gün dünyada tərk edərək məzara qoyulacaqları həqiqətini unudur, bitmək bilməyən və əsla çata bilməyəcəkləri var-dövlət həsrəti ilə ömürlərini keçirirlər.

Əsl var-dövlət isə Allah’a iman gətirən və dünyanın müvəqqəti bəzəklərinə lazım olduğundan çox əhəmiyyət verməyən, hər şeyin yalnız Allah’dan gəldiyini bilən möminlərə aiddir. Təxminən 50-60 illik dünya həyatının əvəzinə, Allah’ın sonsuza qədər davam edəcəyini bildirdiyi axirət həyatını seçən bu insanlar ən zəngin insanlardır. Mömin dünya həyatının qarşılığında axirəti satın aldığı üçün ən qazanclı alveri etmiş, keçici deyil, sonsuz var-dövləti seçmişdir.